Şəhid Cəmiyev Aşur Bəybəla oğlunun doğum günü, Mehdiyev Bəşir Yusif oğlunun və Dünyamalıyev Ələddin Əhməd oğlunun ildönümü qeyd olunub

İyunun 18-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşlarının, 15 nömrəli tam orta məktəbin pedoqoji kollektivinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhid Cəmiyev Aşur Bəybəla oğlunun doğum günü, Mehdiyev Bəşir Yusif oğlunun və Dünyamalıyev Ələddin Əhməd oğlunun ildönümləri ilə əlaqədar olaraq tədbir keçirilib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhid ailələrinə olan hörmət və ehtiramını çatdırıb, şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib.
Həmçinin vurğulandı ki, biz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək onun apardığı siyasəti dəstəkləyəcək, torpaqlarımızın yenidən işğal altına düşməsinə imkan verməyəcək, şəhidlərimizin qəhrəmanlığı heç bir zaman unudulmayacaqdır.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis əvəzi Sultan Zamanov, qazi Mirkənan Kərimov, şəhid Raqib Hüseynovun Anası Rəna Hüseynova, şəhid Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev çıxış ediblər.
Şəhid Aşur Cəmiyevin atası Bəybəla Cəmiyev, şəhid Bəşir Mehdiyevin atası Yusif Mehdiyev çıxış edərək torpaqlarımızın işğaldan azad olunmasında şəhid övladlarının da payının olması ilə fəxr etdiklərini vurğulayıb, Ali Baş Komandanımıza və dövlətimiz tərəfindən şəhid ailələrinə hər zaman göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələri ilə birlikdə xətirə şəkili çəkdirilib.