Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 may 2026-cı il tarixində Şəhidlər xiyabanında şəhid Budaqov Ramiz Qərib oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri – şöbə müdirinin müavini İsmayıl Gülməmmədov bildirib ki, şəhid Budaqov Ramiz Qərib oğlu Ağdam istiqamətində gedən döyüşlər zamanı, 27 aprel 1994-cü ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Qeyd olunub ki, onun göstərdiyi şücaət və vətənə bağlılıq bugünkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Vurğulanıb ki, gənc nəsil məhz belə qəhrəmanların həyat yolunu örnək götürərək yetişdirilməlidir.Tədbirdə xatirə muzeyinin əməkdaşı Aytəkin Əliyeva da çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının əhəmiyyətindən danışıb.Şəhidin bacısı Oksana Budaqova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə edib.Daha sonra Naxçıvan şəhər Şəhid Vəli Zeynalov adına məktəbin şagirdləri tərəfindən Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.Tədbirin sonunda şəhid ailəsi ilə xatirə şəkli çəkdirilib.