Şəhid baş leytenant Hüseynov Raqib Adil oğlunun beşinci ildönümü qeyd olunub

Oktyabrın 1-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid baş leytenant Hüseynov Raqib Adil oğlunun beşinci ildönümü qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Heydər Əliyev adına Hərbi Liseyin müəllimləri, Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək qeyd edib ki, bu il Vətən müharibəsinin başlanmasından 5 il ötür və şanlı qələbəmizin isə beş ili tamam olur. Bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun tariximizə yazdığı 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında şəhid Hüseynov Raqib Adil oğlunun da payı vardır. O, Tərtər rayonunun Talış kəndinin Suqovuşan istiqamətində gedən döyüşlərdə vətənpərvərlik nümunəsi göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
İsmayıl Gülməmmədov, şəhid Raqib Hüseynovun vətənpərvərlik nümunəsinin bugünkü və gələcək nəsillər üçün bir örnək olduğunu, həmçinin şəhidlərimizin qəhrəmanlığının Azərbaycan xalqının qəlbində daim yaşayacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti Kapitan Binnət Əsədzadə, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, şəhid İslam Eyvazovun anası Aytən Eyvazova, şəhid Vəli Quluyevin anası Həqiqət Quliyeva, şairə Təranə Arif qızı, Heydər Əliyev adına Hərbi Liseyin müəllimləri Yeganə Əhmədova, Səadət Əliyeva və qazi Mirkənan Kərimov çıxış ediblər.
Sonda şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib, şagirdlər tərəfindən isə vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər qiraət olunub.