Şəhid Balabəyli Elcan Vasif oğlunun ildönümü qeyd edilib

Sentyabrın 20-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasında qəhrəmancasına canından keçən şəhid Balabəyli Elcan Vasif oğlunun ildönümü qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun, Daxili Qoşunların, Sərhəd Qoşunlarının əsgər və zabitləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Dövlət Universitetinin tələbə və müəllimləri, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin şəhid ailələrinə olan hörmət və ehtiramını çatdırıb, şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib.
Həmçinin 20 sentyabr - Suverenlik günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasında canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə hər zaman borclu olduqlarını bildirib. Qeyd edib ki, Aprel döyüşlərinin, Vətən müharibəsinin, antiterror əməliyyatının iştirakçısı olan Elcan Balabəyli 2023-cü ilin sentyabrın 19-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən şəhidlərimizin rəşadəti və şücaəti yüksək qiymətləndirilərək orden və medallara layiq görülüblər. Onların vətənpərvərliyi heç bir zaman unudulmayacaq, Azərbaycan xalqının qəlbində daim yaşayacaqlar.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Əlahiddə Ümumqoşun Ordunun zabiti Naib Cəfərov, şəhid Kənan Rzayevin anası Bahar Rzayeva, Zülfü Rzayevin anası Mehparə Rzayeva, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin bacısı Naibə Mirzəyeva və qazi Pərviz Muradov çıxış ediblər.
Sonda şagirdlər tərəfindən şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edilib, şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.