ŞƏHİDLƏRİN XATİRƏSİNƏ YENİ YAŞILLIQ SALINIB

Naxçıvan Şəhər İcra Hakimiyyəti və tabeli idarə, müəssisə və təşkilatların əməkdaşlarının iştirakı ilə yeni yaşıllıq salınıb. Şəhidlərin xatirəsinə salınan iki hektara yaxın yeni yaşıllıq sahəsində 500-dən çox ting əkilib.

Dairəvi yolun kənarlarında əvvəlcədən salınmış digər yaşıllıqlarda isə ağacların dibi yumşaldılıb, gövdələri ağardılıb, suvarılan ağaclara aqrotexniki qulluq göstərilib. Ərazi alaq otlarından təmizlənib və bağlarda bərpa işləri aparılıb.

Torpağa qayğı, onun təmizliyinin qorunması, yaşıllaşdırılması, əkilib-becərilməsi də vətənpərvərliyin, yurda sevginin ifadəsidir. Şəhid olan oğullarımızın ruhları da Vətənimizi məhz belə abad, təmiz, gözəl görmək istəyir. Ulu ozan, el ağsaqqalı Dədə Qorqudun dediyi kimi, əgər torpağı qorumursansa, onu əkib-becərməyə dəyməz, əgər əkib-becərmirsənsə, onu qorumağa dəyməz.

Tural Tapdıqlı