Rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimi keçirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib.Qeyd edək ki, təlimdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov da iştirak edibdir. Ağbulaq İstirahət Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə sərgi və stendlərlə tanışlıq olub, kibertəhlükəsizlik sahəsində tətbiq olunan müasir texnologiyalar və innovativ həllərlə bağlı məlumat əldə ediblər. Daha sonra açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov bu cür təlimlərin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, rəqəmsallaşmanın sürətlə artdığı bir şəraitdə dövlət qurumlarının kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. O, informasiya təhlükəsizliyinin təmin olunmasının yalnız texniki məsələ deyil, həm də idarəetmə və məsuliyyət məsələsi olduğunu diqqətə çatdırıb.Ardınca Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin və İRİA-nın İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayevin çıxışları dinlənilib.Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin xarici təlimçi heyəti və İRİA tərəfindən dəvət edilən xarici ekspertlər tərəfindən rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrinə dair müxtəlif aktual mövzularda təqdimatlar və praktiki vörkşoplar həyata keçirilib.Kibertəhlükəsizlik sahəsinə dair əsas anlayışlar, müasir qlobal çağırışlar və dövlət sektorunda rast gəlinən əsas risklər geniş şəkildə izah edilib. Daha sonra rəhbər şəxslərə yönəlmiş hədəfli hücumlar, xüsusilə CEO və yüksək vəzifəli şəxslərin fişinq, sosial mühəndislik və digər kiberhücumlara məruz qalma halları real nümunələr əsasında təhlil olunub.Eyni zamanda informasiya sızmalarının başvermə səbəbləri, o cümlədən insan faktoru, zəif təhlükəsizlik siyasətləri və texniki boşluqlar müzakirə edilib, bu risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər və effektiv idarəetmə yanaşmaları iştirakçıların diqqətinə çatdırılıb.Günün ikinci yarısında təşkil olunan masaüstü məşğələlər zamanı iştirakçılar real ssenarilər üzərində işləyərək kiberinsidentlərə reaksiya vermə, qərar qəbuletmə və böhran vəziyyətlərinin idarə olunması bacarıqlarını praktiki şəkildə tətbiq ediblər. Bu sessiyalar rəhbər şəxslərin kritik situasiyalarda operativ və düzgün qərarvermə qabiliyyətlərinin gücləndirilməsinə yönəlib.Təlim çərçivəsində, həmçinin veb fəaliyyətlər zamanı istifadəçi davranışının analizi, brauzer artefaktları vasitəsilə istifadəçi niyyətinin və potensial risklərin müəyyən edilməsi, eləcə də rəqəmsal izlərin təhlükəsizlik baxımından qiymətləndirilməsi kimi müasir və aktual məsələlər də geniş müzakirə olunub.Tədbir sual-cavab sessiyası və yekun müzakirələrlə başa çatıb.