İyun ayının 5-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Qurban bayramı ilə əlaqədar olaraq işçi qrupunun iclası keçirilib. İclasda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İmran Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Şükür Babayev, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Səyyad Əliyev, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlığın təşkili, örüş və otlaqlara nəzarət sektorunun baş məsləhətçisi Yusif Əlizadə, Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin sanitar-epidemioloji şöbəsinin müdiri Zakir Cəfərov, "Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu" publik hüququi şəxsin Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinin müdiri Kazım Rzayev, Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Abbasəli Həsənov, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın əməkdaşı Fərid Əliyev, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin nümayəndələri və mənzil istismar idarələrinin rəisləri iştirak ediblər.
İclasın keçirilməsində əsas məqsəd işçi qrupun Qurban bayramı günlərində vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən qurbanlıq heyvanların kəsiminin müəyyən olunmuş kəsim məntəqələrində aparılmasını, diri halda satışının isə ayrılmış yerlərdə təşkil edilməsini, sanitariya-gigiyena tələblərinə əməl olunmasını, həmçinin qeyd olunan bu işlərin mütəşəkkil qaydada həyata keçirilməsini nəzarətdə saxlamaqdan ibarət olub.