23 yanvar 2026-cı il tarixdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə "Qohum və erkən nikahlarının yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib və qeyd edib ki, qohum və erkən nikahlar cəmiyyət üçün ciddi sosial və sağlamlıq problemləri yarada bilər. Bu cür nikahlar ailə daxilində genetik xəstəliklərin artmasına, uşaqların fiziki və psixoloji inkişafında çətinliklərin meydana çıxmasına səbəb ola bilir.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov təqdimatla çıxış edərək bildirib ki, erkən yaşda qurulan ailələrdə məsuliyyətin tam dərk olunmaması ailədaxili problemlərin artmasına yol açır. Qohum nikahları isə ailə münasibətlərində gərginlik və münaqişə riskini yüksəldir. Bu hallar cəmiyyətin sosial sabitliyinə mənfi təsir göstərir və sağlam ailə modelinin formalaşmasını çətinləşdirir.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə Ağayeva vurğulayıb ki, erkən nikahlar təhsilin yarımçıq qalmasına və gənclərin intellektual potensialının reallaşmamasına səbəb olur. Təhsil imkanlarından məhrum olan fərdlərin gələcəkdə cəmiyyətə faydalı və müstəqil şəxsiyyət kimi formalaşması çətinləşir. Bu hal ümumilikdə cəmiyyətin inkişaf səviyyəsinə mənfi təsir göstərir.
Daha sonra mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.
Tədbir diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə bağlı broşurlar paylanılıb və posterlər məktəbin elan lövhələrində yerləşdirilib.