“Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

İyulun 16-da "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan şəhər Qaraxanbəyli kəndində “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov gender bərabərliyinin və uşaq hüquqlarının təmin olunması sahəsində Naxçıvan şəhərində görülən işlər barədə ətraflı məlumat verib və Naxçıvan Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən müvafiq komissiyalar tərəfindən gender bərabərli və uşaq hüquqlarının daim qorunduğunu bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov təqdimatla çıxış edərək erkən nikah və qohumlar arasında nikahın qarşısının alınmasına dair normativ-hüquqi aktlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçıları ilə mövzu ətrafında müzakirə təşkil olunub, onlara maarifləndirici broşürlər paylanılıb və elan lövhələrində posterlər yerləşdirilib.