“Qohum və erkən evliliklərin qanunvericilikdə qadağan olunması” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində Naxçıvan şəhərinin Tumbul kəndində ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətini və bu sahədə maarifləndirmənin vacibliyini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova çıxış edərək erkən nikahların yaratdığı fəsadlardan və qadın sağlamlığına vurduğu ziyandan, eləcə də qohumlar arasında nikahın zərərlərindən bəhs edib.

Komitənin baş məsləhətçisi Firuzə Hüseynova Azərbaycan Respublikasının Ailə, Cinayət və İnzibati Xətalar Məcəllələrinə edilən dəyişikliklərə əsasən 2025-ci il iyulun 1-dən qan qohumları arasında bağlanan nikahların qadağan edildiyi, 16 yaşına çatmayanlarla nişanlananların 2 min manat cərimələnərək həbs olunacağı, yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlərin 13 min manatadək cərimələnəcəyi və digər sərt tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verib.

Sakinlərin maraqla qarşıladığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, maarifləndirici broşürlər paylanılıb.