“Qloballaşan dünyada ailə dəyərləri” mövzusunda tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova ölkəmizdə həyata keçirilən dövlət ailə siyasəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov dövlətimiz tərəfindən gənclərə böyük imkanlar yaradıldığını söyləyib. Arzu Qasımov Azərbaycan ailəsinin, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, gənclər bu imkanlardan istifadə edib milli-mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və Naxçıvan Müəllimlər İnstitutunun Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova çıxış edərək bildiriblər ki, cəmiyyətimizdə ailə institutu əvəzolunmaz dəyərdir, müqəddəsdir, milli-mənəvi dəyərlərimizin əsas sütunlarındandır. Ailə institutunun cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rolu var. Çünki şəxsiyyətlər məhz ailədə formalaşır. Bu qiymətli sərvətin yad təsirlərdən qorunması bu gün daha da aktualdır.

Digər çıxış edənlər ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin xüsusi əhəmiyyətə malik olduğunu bildiriblər.

Dəyirmi masa ətrafında keçirilən tədbir müzakirələrlə davam etdirilib.