Sentyabrın 19-da Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən təlimi giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən bəhs edib, Naxçıvan şəhərində gender bərabərliyinin təmin olması istiqamətində görülən işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva mövzu ilə əlaqədar təqdimatla çıxış edərək qız uşaqlarının təhsil hüquqlarının qorunması və gender stereotiplərinin aradan qaldırılmasının cəmiyyətin inkişafı və sosial ədalət baxımından son dərəcə əhəmiyyətli olduğunu qeyd edib. Bildirilib ki, təhsil hər bir insanın, xüsusən də qız uşaqlarının fundamental hüququdur.
Təlim diskussiya şəklində davam edib və mövzu ilə bağlı iştirakçılara maarifləndirici broşürlər paylanılıb.