Yanvarın 27-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Bulqan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Nail Əliyev giriş sözü ilə tədbiri açaraq keçirilən tədbirin mahiyyətindən danışıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mirtaleh Seyidovun və Turan Şahhüseynovun müxtəlif mövzular ətrafında məruzələri dinlənilib.
Tədbirin keçirilməsində əsas məqsəd, Naxçıvan şəhərinin kənd yaşayış məntəqələrində qış mövsümü dövründə qaz və elektrik təsərrüfatından istifadə zamanı partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması, bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi və əhalinin maarifləndirilməsi məqsədi ilə məlumat verməkdən ibarətdir.
Tədbirin sonunda qaz cihazlarından və dəm qazı təhlükəsindən qorunmaq ilə bağlı videoçarx nümayiş olunub, iştirakçılara broşürlər paylanılıb.