27 yanvar 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Bulqan Kənd Mərkəzində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxsləri, Naxçıvan şəhər Qaraçuq və Qaraxanbəyli kənd inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə, qaz istismar sahəsinin və elektrik şəbəkəsinin, eləcə də müəssisə və təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Ərazi - təşkilat məsələləri sektorunun böyük məsləhətçisi Nail Əliyev giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidovun, baş inspektor daxili xidmət mayoru Turan Şahhüseynovun və baş inspektor daxili xidmət leytenantı Nurlan Sadiqovun videotəqdimatla müxtəlif mövzular ətrafında çıxışları dinlənilib.
Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəis müavini Ramin Dünyamalıyevin də çıxışı dinlənilib.
Qeyd edək ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd Naxçıvan şəhərinin yaşayış sahələrində qış mövsümü dövründə baş verə biləcək partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədilə tədbirlər görmək və bu istiqamətdə əhalini maarifləndiriməkdən ibarətdir.
Seminar-müşavirənin sonunda müşavirə iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları ilə bağlı təbliğat vasitələri paylanılıbdır.