“Qazanxanaların istismarı zamanı tələb olunan təhlükəsizlik qaydalarına riayət edilməsi, qazanxanalarda ehtimal olunan texnogen mənşəli fövqəladə hadisələr və fövqəladə hadisələrin qarşısının alınması istiqamətində görüləcək qabaqlayıcı tədbirlər” mövzusunda maarifləndici tədbir keçirilib.
Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında keçirilən tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin böyük məsləhətçisi Nail Əliyev açaraq bu sahədə maarifləndirmənin əhəmiyyətini qeyd edib.
Sonra Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Arzu Qurbanov çıxış edərək idarənin tabeliyində fəaliyyət göstərən qazanxalalar barədə ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov, şöbənin baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynov və Nazirliyin Dövlət Yanğın Nəzarəti İşinin Təşkili Şöbəsinin inspektoru, daxili xidmət kapitanı Toğrul Hacıyev slayd və videoçarxlar vasitəsilə çıxış edərək payız-qış mövsümündə yaşayış mənzillərində qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, yanğın təhlükəsizliyi qaydalarına olan tələblər, qazanxanalarda ehtimal olunan texnogen mənşəli fövqəladə hadisələr və bu istiqamətdə görüləcək qabaqlayıcı tədbirlər haqqında iştirakçıları maarifləndirib, onları maraqlandıran sualları cavablandırıblar.