Sentyabrın 19-da Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev Qaraxanbəyli kənd sakinlərini qəbul edib.
Qəbulda sakinlərlə yanaşı İcra hakimiyyəti aparatının məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər. Əhməd Vəliyev sakinlərə kənddə həyata keçiriləcək bir sıra sosial layihələr barədə məlumat verib. Bildirilib ki, kənd yollarında işıqlandırma sistemlərinin, işıq dirəklərinin sayının artırılması, yollarının təmiri və yeni marşrut avtobuslarının verilməsi ilə bağlı işlərə başlanılıb.
Sonra vətəndaşların kənddə bankomatların quraşdırılması, marşrut avtobuslarının trayektoriyasının genişləndirilməsi, sosial yardım və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin həlli ilə bağlı aid şəxslərə tapşırıqlar verilib və məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyi bildirilib.
Vətəndaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra İcra hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Sonra şəhid Pərviz Məmmədzadənin xatirəsinə həsr olunmuş bulağı və şəhid İslam Eyvazovun xatirəsinə ucaldılmış abidəni ziyarət edərək onların ailələrinin qayğıları ilə maraqlanıb.