Qaraxanbəyli kəndində vətəndaş qəbulu keçirilib

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aqustun 6-da Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən kəntdə uşaq bağçası və məscid tikilməsinə köməklik göstərilməsindən, mülkiyyətində olan torpaqda ev tikintisinə icazə verilməsindən, yaşayış sahəsinə daxil olan hasarın artırılmasına icazə verilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri ilə bağlı onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aidiyyəti şəxslərlə birgə kənd ərazisində yerləşən bir sıra ərazilərə baxış keçirib, lazımi işlərin görülməsi üçün tapşırıqlar verib. 
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün  razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.