30 iyul 2026-cı il tarixdə Naxçıvan şəhəri Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin birgə təşkilatçılığı ilə “Taxıl biçinindən sonra şumun aparılması, torpağın təkrar əkinlər və payızlıq əkinlər üçün hazırlanması, torpaq analizi və sertifikatlı toxumun əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev qarşıdan payızlıq əkin mövsümünün başlandığını diqqətə çatdıraraq, taxıl biçinindən sonra torpağın vaxtında şumlanmasının, təkrar və payızlıq əkinlər üçün düzgün hazırlanmasının, torpaq analizlərinin aparılmasının və sertifikatlı toxumlardan istifadənin yüksək məhsuldarlığın əldə edilməsində mühüm rol oynadığını qeyd etmişdir. O, həmçinin əkin sahələrinə subsidiya alınması üçün bu tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsinin vacibliyini vurğulamışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin əməkdaşları Lalə Babayeva, Aytac Abbaszadə və Aytən Kərimova mövzu ilə bağlı ətraflı məlumat vermiş, torpaq münbitliyinin qorunması, düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsi, torpaq analizinin aparılması və sertifikatlı toxumlardan istifadənin üstünlükləri barədə iştirakçıları məlumatlandırmışlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.