Noyabrın 18-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev İcra hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərlərinin iştirakı ilə Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında sakinləri qəbul edib, müraciətlərini dinləyib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
İcra hakimiyyətinin başçısı sakinlərə ölkəmizdə, həmçinin muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri barədə məlumat verib, Naxçıvan şəhərində də əhalini narahat edən məsələlərin mərhələli şəkildə öz həllini tapdığını bildirib. Qeyd edilib ki, görülən işlərin tərkib hissəsi olaraq Əliabad qəsəbə sakinlərini uzun illərdir narahat edən yolların asfaltlanması problemi hazırda öz həllini tapmaqdadır. Qarşıdakı dövrdə bu tədbirlərin şəhərin bütün ərazilərində həyata keçirilməsi nəzərdə tutulub.
Qəbulda ümumilikdə 20 nəfər kənd sakinini narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib. Kənd sakinləri əsasən əkin sahələrinə təsərrüfat suyunun verilməsi, marşrut avtobuslarının trayektoriyasının genişləndirilməsi, kənddə bankomatların quraşdırılması, məşğulluq, şəhidlərin adına abidə yaradılması və digər məsələlər barədə müraciət ediblər. Vətəndaşların müraciətləri araşdırılması üçün nəzarətə götürülüb, İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Sakinlər onların qəbulu üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.