Qaraxənbəyli kəndində “Qohum və erkən nikahların fəsadları” mövzusunda maarifləndirici təlim keçirilib

10 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qaraxənbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə Naxçıvan şəhərində yerləşən sahə və inzibati ərazi dailərələri üzrə icra nümayəndələri, mənzil istismar idarələri və bələdiyyə əməkdaşları üçün “Qohum və erkən nikahların fəsadları” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramazan Nəsirov mövzunun əhəmiyyətindən bəhs edərək bildirib ki, qohum nikahları genetik oxşarlıq səbəbindən irsi xəstəliklərin yaranma ehtimalını artırır. Bu cür nikahlar nəticəsində anadangəlmə qüsurların, inkişaf geriliklərinin və xroniki xəstəliklərin daha çox müşahidə edildiyi elmi araşdırmalarla təsdiqlənir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli çıxışında qeyd edib ki, erkən nikahlar fiziki, psixoloji və sosial cəhətdən ciddi fəsadlara yol aça bilir. Yetkinlik yaşına çatmadan qurulan ailələrdə sağlamlıq problemləri, təhsil imkanlarının məhdudlaşması və sosial adaptasiya çətinlikləri daha çox müşahidə olunur. Erkən nikahlar həmçinin sosial rifah səviyyəsini aşağı sala və inkişaf perspektivlərini məhdudlaşdıra bilər. Bu səbəbdən, erkən nikahların qarşısının alınması üçün maarifləndirmə təlimlərinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Tədbir diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb.