13 may 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin ərazisində yaşayan vətəndaşlarla növbəti səyyar qəbul keçirilib.
Qəbulu Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev aparıb.
Tədbir Ümummilli Lider Heydər Əliyev və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Əhməd Vəliyev bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədi vətəndaş məmnunluğunun təmin olunması, əhalinin rifah halının daha da yaxşılaşdırılmasıdır. O qeyd edib ki, səyyar qəbullar vətəndaşların problemlərinin yerində araşdırılması və operativ həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Əhməd Vəliyev həmçinin 2026-cı il ərzində Naxçıvan şəhərində həyata keçirilməsi nəzərdə tutulan quruculuq və yenidənqurma işləri barədə vətəndaşlara ətraflı məlumat verib, planlaşdırılan layihələrin şəhərin sosial infrastrukturu və yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Vaxt tələb edən müraciətlər nəzarətə götürülüb, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, səyyar qəbulda icra hakimiyyətinin əməkdaşları, tabeli qurumların rəhbərləri və kənd sakinləri iştirak ediblər.