Qaraçuq kəndində vətəndaşların müraciətləri dinlənilib

4 fevral 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi ehtiramla yad edilib.
Səyyar qəbul zamanı çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşılmasının, qaldırılan məsələlərin araşdırılaraq həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. O, həmçinin Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində yeni marşrut xətlərinin sərnişinlərin istifadəsinə verildiyini iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edib ki, marşrut xətlərində edilən dəyişikliklər şəhərdaxili hərəkətin rahatlığının artırılması, sərnişin axınının optimallaşdırılması və yaşayış massivləri ilə sosial obyektlər arasında nəqliyyat əlaqəsinin gücləndirilməsi məqsədi daşıyır.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün məsul şəxslərə müvafiq tapşırıqlar verilib, icrası vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. Səlahiyyətlərə aid olmayan məsələlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırdıqları problemlərin operativ həllinə görə minnətdarlıqlarını ifadə ediblər. Qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, tabeliyində olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.