Qaraçuq kəndində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

5 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramazan Nəsirov açılış nitqi ilə çıxış edərək Heydər Əliyev irsinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində oynadığı mühüm rolundan bəhs edib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini Elnur İbrahimli çıxış edərək bildirib ki, Heydər Əliyevin siyasi kursu bu gün də ölkəmizin inkişafına, təhlükəsizliyinə və sabitliyinə xidmət edir. O, gənclərin Ulu Öndərin ideyalarına sədaqət ruhunda yetişdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Qaraçuq kənd Klubunun direktoru Yasəmən Əliyeva öz çıxışında Ümummilli Liderin mədəniyyət və təhsilin inkişafına göstərdiyi xüsusi diqqətdən danışıb, kənddə aparılan abadlıq işlərinin, mədəniyyət ocaqlarının yenilənməsinin də məhz həmin siyasətin davamı olduğunu qeyd edib.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Könül Seyidova çıxış edərək bu gün ölkəmizdə təhsilin yüksək səviyyəyə çatması və inkişafında Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatların müstəsna rolundan bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılması üçün maarifləndirici tədbirlərin mütəmadi keçirildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.