Qaraçuq kəndində “Suveren dövlət, güclü vətəndaş” mövzusunda tədbir keçirilib

26 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iclas zalında “Suveren dövlət, güclü vətəndaş” adlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini Orxan Məhərrəmov, Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Elnur İbrahimov və Naxçıvan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Qaraçuq kənd Klubunun direktoru Yasəmən Əliyeva çıxış ediblər.
Bildirilib ki, tarixin müxtəlif mərhələlərində xalqımız öz milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində qazanılmış tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil siyasətini daha cəsarətlə və prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.