Qaraçuq kəndində “Suveren dövlət, güclü vətəndaş” adlı tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq 11 sentyabr 2025-ci il tarixdə Qaraçuq kəndində “Suveren dövlət, güclü vətəndaş” adlı tədbir keçirilib.
Qaraçuq kənd ictmaiyyətinin, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini-dini qurumlarla işin təşkilatçısı Orxan Məhərrəmov giriş sözü ilə açaraq “Konstitusiya və Suverenlik İli”nin ölkəmizdə dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, il ərzində Naxçıvan şəhərində bu istiqamətdə keçirilən tədbirlər barədə məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elnur İbrahimov mövzu ilə bağlı çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam ölkəmizin dünəni, bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin qorunub inkişaf etdirilməsi ilə bağlı yeni imkanlar yaradır.
Tədbir iştirakçıları mühüm tarixi əhəmiyyətə malik olan “Konstitusiya və Suverenlik İli”nin tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacağına əminliklərini ifadə ediblər.