Qaraçuq kəndində səyyar qəbul qrafikinə əsasən vətəndaş qəbulu keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə sentyabrın 3-də Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən kənd yollarının asfaltlanmasından, mərasim evinin tikintisinə köməklik göstərilməsindən, mülkiyyət hüququ pozulduğu üçün torpaq və ya kompensasiya verilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün  razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.