Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri də işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın həyata keçirilməsidir. Bu məqsədlə Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib və layihələrin iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir.
Hazırda “Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79%-dir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırmışdır.
Böyük Qayıdışa dair Dövlət Proqramının icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyev ötən beş il ərzində işğaldan azad olunmuş ərazilərdə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.
Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.
2025-ci il 31 oktyabr tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin edilmişdir. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində 2152 tələbə təhsil alır. Görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir.
Azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı da diqqətdə saxlanılır. Ümümilikdə ötən dövrdə həmin sakinlərdən 6,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib ki, bu da onlardan iqtisadi fəal olanların 92%-i deməkdir. 513 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznes sahələri yaradılıb. 258 sakin üçün isə peşə kursları təşkil edilib.
Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb.
Nəticə olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərin ümumi iqtisadiyyata reinteqrasiyası və yeni beynəlxalq, regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq ölkəmizin inkişafına böyük təkan verəcəkdir.