Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək tarixi Zəfərə imza atan Azərbaycan, Prezident İlham ƏIiyevin liderliyi ilə qarşıya qoyduğu bütün məqsədlərə nail olmaqdadır. Hər zaman Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı daim bu istiqamətdə səylər göstərmiş, tarixi addımlar atmışdır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından ötən dövrdə Azərbaycanla Ermənistan arsında sülhün bərqərar olması və Naxçıvana maneəsiz keçidin təmin olunması da qarşıya qoyulan əsas məqsədlərdən biri idi.
Bu baxımdan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə avqustun 7-də Prezident İlham Əliyevin ABŞ-a səfəri mühüm əhəmiyyət daşıyır. Belə ki, səfər zamanı Vaşinqtonda keçirilən görüşlər, əldə olunan razılaşmalar regionda yeni sülh və inkişaf dövrünün başlanğıcı kimi tarixə düşdü, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsini müəyyənləşdirdi.
Avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verən Prezident İlham Əliyev bu səfərin nəticələrini çox yüksək qiymətləndirib.
Dövlətimizin başçısı bildirib ki, məhz bu səfərlə ABŞ-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açılır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bugün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.
Prezident İlham Əliyev qeyd edib ki, bugün həqiqətən də tarixi bir gündür. “Azadlığa dəstək aktı”na edilən ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi. Bu, artıq ədalətsizliyin aradan qalxdığını göstərir. Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi. Eyni zamanda, bugün onun ofisində bu sənədlə bərabər, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənədi də imzaladıq. Bu iki mühüm hadisə bugün baş verib. Buna görə də mən avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm və bu da bütün regiona çox müsbət təsir göstərəcək. Şübhəsiz ki, bugün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır.
Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq. Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Əminəm ki, bugün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib.
Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bugün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bugün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Mən bugün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq.
Dövlət başçısı bildirib ki, cənab Tramp Nobel Sülh mükafatına layiqdir. O, cəmi altı ay ərzində möcüzəyə imza atdı. Buradakı auditoriyada əyləşənlərin reaksiyalarına əsasən, məncə, birgə məktub tərtib edə bilərik. Ümidvaram ki, Siz də məni həmin mərasimə dəvət edəcəksiniz və məmnuniyyətlə, həmin mərasimdə iştirak edərəm.
Ermənistanın əsas qanunundan - Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz.
Prezident İlham Əliyev həmçinin bildirib ki, bir halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Onsuz da o, öz funksional mahiyyətini itirmişdir və biz heç vaxt imkan vermərik ki, bu, hər hansı bir formada canlansın, yaxud da hansısa başqa formaya minsin. Ona görə bugün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bugün bu paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq.
Prezident həmçinin bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsinə gəlincə deməliyəm ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən nə qədər şayiələr və təxribatlar eşitdik. Guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq formalaşdırılmışdı, o cümlədən burada – Vaşinqtonda.
Bugün baş verənlər Ermənistanın Baş naziri və mənim imzaladığım, Prezident Trampın isə şahidlik etdiyi Birgə Bəyannamədə əks olunub. Orada məhz bizim mövqeyimizi göstərən müddəa var – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış. Bu, Ermənistanın suverenliyi çərçivəsində yazılıb. Bizim istədiyimiz, sadəcə, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz keçid idi. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlik idi. Beş il ərzində heç bir irəliləyiş olmadı, yer üzərində fiziki iş görülmədi. Bu illər ərzində isə biz dəmir yolunu demək olar ki, Ermənistan sərhədinə qədər gətirdik.
Bizə bu dəmir yolunu Ermənistan sərhədinə qədər tam çatdırmaq üçün bəlkə də bir ildən az vaxt lazımdır, hətta çox çalışsaq, bəlkə altı ay kifayət edər. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başlayırıq. Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər artıq dəmir yoluna ehtiyacımız var. Təkcə dəmir yolu deyil, elektrikötürücü xətləri, fiber-optik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarını nəql edə biləcək digər enerji infrastrukturunu da nəzərdə tuturuq.
Bugün Azərbaycan və Ermənistan arasında imzalanan sənəd isə bizim niyyətlərimizi açıq şəkildə göstərir. Biz sülh istəyirik, amma, eyni zamanda, əlaqə istəyirik. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq. Bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” daha bir tarixi nailiyyət olacaq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq.