Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar elan olunmuş “Qərbi Azərbaycanda yaşamaq mənim hüququmdur” layihəsi çərçivəsində 30 iyul 2025-ci il tarixdə Naxçıvan şəhər, Xətai məhəlləsi döngə 4, ev 61 ünvanında məskunlaşmış Qərbi Azərbaycanlı İsmayılova Fatma Bəhlul qızının yaşadığı ünvanda görüş keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucovanın və həmin şöbənin əməkdaşlarının iştirakı ilə keçirilən görüş zamanı bildirilib ki, qədim yurd yerimiz olan Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il yanvarın 28-də yerli televiziya kanallarına müsahibəsi zamanı da məhz bu məqamı vurğulamışdır. Bu istiqamətdə görülən ardıcıl tədbirlər xalqımızda bir daha əminlik yaradır ki, soydaşlarımızın öz tarixi yurduna, el-obasına qayıdacağı günlər yaxındır.
Əslən Dərələyəz mahalının Qabaxlı kəndindən olan və doğma yurd sevgisini daim qəlbində yaşadan Fatma İsmayılova doğulub boya-başa çatdığı torpaqlara qayıdacaqlarına əmin olduğunu qeyd edib. O, kədər hissi ilə bildirib ki, deportasiya zamanı həyat yoldaşı ermənilər tərəfindən girov götürülmüş, sonra ondan heç bir xəbər alınmamışdır. Fatma İsmayılova Qərbi Azərbaycanın Qabaxlı kəndində yaşadıqları mənzil, qurub-yaratdıqları şərait, məşğul olduqları arıçılıq təsərrüfatı haqqında danışıb, hətta orada olarkən toxuduqları və deportasiya zamanı ermənilər tərəfindən qəsb edilmiş 30-dan artıq xalçanı daim xatırladığını bildirib.
Həmçinin görüş zamanı ailənin sosial problemləri ilə də maraqlanılıb və onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Fatma İsmayılova göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.