“Qəhrəmanlar Unudulmur” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Aprelin 24-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə “Qəhrəmanlar Unudulmur” layihəsi çərçivəsində 14 nömrəli tam orta məktəbdə şəhid ailələrinin, pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə tədbir keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca isə Dövlət Himni səsləndirilib.
Məktəbin direktoru Famil Abdullayev giriş sözü ilə çıxış edərək şəhid ailələrini salamlayıb, onlara öz minnətdarlığını bildirib. Qeyd edib ki, məktəbimiz Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Müzəffər sərkərdənin igid əsgərləri”, “Zəfərə doğru irəli” layihələrində uğurla iştirak edib. Bu gündə bizlər “Qəhrəmanlar Unudulmur” layihəsinə qoşularaq şəhidlərimizin keçdikləri ömür yolunu bugünkü və gələcək nəsillərə çatdırır, şəhid ailələrinə olan dərin hörmət və ehtiramımızı bildiririk. Məktəbdə şəhid adlarına verilən sinif otaqlarının, şəhidlərimizlə bağlı tədbirlərin keçirilməsi kollektivimiz tərəfindən şəhid adının nə qədər uca tutulduğunun əyani ifadəsidir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında torpaqlarımız işğaldan azad edildi və düşmənə layiqli cavab verildi. Hörmətli Prezidentimizin dəmir yumruğu ətrafında sıx birləşən xalq-ordu birliyi bird aha sübut etdi ki, Azərbaycan xalqı əzəli torpaqlarının bir qarışını belə düşmən tapdağında qoya bilməzdi. Bu gün dövlətimiz şəhidlərimizin ailələrinə, əlil olmuş şəxslərə, Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşır. Onların şücaətinin və qəhrəmanlığının bugünkü və gələcək nəsillərə çatdırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər keçirilir.
Həmçinin vurğulandı ki, biz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək onun apardığı siyasəti dəstəkləyəcək, torpaqlarımızın birdə işğal altına düşməsinə imkan verməyəcək, şəhidlərimizin qəhrəmanlığı heç bir zaman unudulmayacaqdır.
Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Esmira Həsənova çıxış edərək təhsil müəssisələrində Şəhidlər üçün yaradılan sinif otaqlarından bəhs edib.
Tədbirdə itkin şəhid İbrahim Vəlizadənin anası Xurşud Vəliyeva, atası Səməd Vəliyev, şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva, şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova və şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov çıxış edərək şəhidlərimizin qəhrəmanlığından danışıb, torpaqlarımızın işğaldan azad olunmasında şəhid övladlarının da payının olması ilə fəxr etdiklərini vurğulayıblar. Həmçinin Ali Baş Komandanımıza və dövlətimiz tərəfindən şəhid ailələrinə hər zaman göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, şeirlər qiraət olunub, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda şəhid ailələri ilə birlikdə xatirə şəkili çəkdirilib.