Aprelin 18-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə 8 nömrəli körpələr-evi uşaq bağçasında tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, şəhid ailələri, körpələr evi-uşaq bağçasının müəllim və balaca fidanları iştirak edib.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin komandanlığı altında ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hərb tarixində analoqu olmayan bir qələbə olduğunu bildiriblər. Həmçinin qeyd ediblər ki, bu gün şəhid ailələrinə, Vətən müharibəsində əlil olmuş şəxslərə, müharibə iştirakçılarına dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobilləri və işlə təmin edilməsi hər zaman diqqətdə saxlanılır. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz heç bir zaman unudulmayacaq, onların şücaət və qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.
Tədbirdə şəhid Etibar Cəfərovun həyat yoldaşı Əzizə Cəfərova çıxış edərək igid oğullarımızın Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq nümunəsindən danışıb, onlarla qürur hissi keçirdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.
Çıxışlar dinlənildikdən sonra 8 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib, kompozisiya göstərilib, həmçinin şəhid övladları tərəfindən atalarına həsr edilmiş şeirlər qiraət edilib.
Tədbirin sonunda şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.