Qəhrəmanlar Unudulmur layihəsi çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Martın 6-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə 9 nömrəli  tam  orta məktəbdə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Məktəbin direktoru  Natella Rzayeva giriş sözü ilə çıxış edərək qeyd edib ki, məktəbimiz  Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3-cü layihəsidir ki, şəhidlərimizlə bağlı tədbirlər keçirir və tədbirlərdə şəhid ailələrinin iştirakı təmin edilir. Məktəbin direktoru şəhid ailələrinə tədbirdə iştirakına görə minnətdarlıq edərək bildirib ki, bizlər şəhidlərimizə, onların ailələrinə hər zaman borcluyuq, şəhidlərimizin xatirəsi heç bir zaman Azərbaycan xalqının qəlbindən silinməyəcək və zəfər tarixini yazanlar unudulmayacaq. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin salamını, hörmət və ehtiramını şəhid ailələrinə çatdırıb, icra başçısının adından şəhid analarını və xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz Ali Baş Komandanımızın dəmir yumruğu ətrafında sıx birləşərək torpaqlarımızı düşmən işğalından azad etdilər. Şəhidlərimiz bizə Vətəni əmanət etdilər.  Bizlər Cənab Prezidentimizin ətrafında sıx birləşərək torpaqlarımızın təkrar düşmən işğalına düşməsinə imkan verməməliyik.

Bu gün azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır. Soydaşlarımız öz doğma yurdlarına qayıdırlar. Bu sevinci bizə yaşadan qəhrəman şəhidlərimiz heç bir zaman unudulmayacaq. 

Şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova, şəhid itkin İbrahim Vəlizadənin anası Xurşud Vəliyeva övladlarının Vətən qarşısında xidmətlərindən danışıb, onlarla hər zaman fəxr etdiklərini vurğuladılar. 

Çıxışlar dinlənildikdn sonra məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, şeirlər qiraət olunub. Şagirdlər tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə  şəhid analarına gül dəstələri təqdim olunub.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkili çəkdirilib.