Fevralın 13-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə 7 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, şəhid ailələri, məktəbin müəllimləri və şagirdləri iştirak edib.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Məktəbin direktoru Nəzifə Haqverdiyeva giriş sözü ilə çıxış edərək şəhid ailələrinə öz hörmət və ehtiramını, şəhidlərin heç bir zaman unudulmayacağını bildirərək tədbirin mahiyyətindən söz açıb, şəhidlərimizin gələcək nəsillər üçün bir örnək olduğunu vurğulayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək bildiriblər ki, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda təkcə güclü ordu yox, vətənini canından artıq sevən gənclik yarandı. Bu gənclik Ali Baş Komandanımızın dəmir yumruğu ətrafında sıx birləşərək 44 gün ərzində torpaqlarımızı düşməndən azad edib, 30 il doğma yurdlarına həsrət qalan soydaşlarımızı öz torpaqlarına qaytardılar. Vətən uğrunda öz canlarını fəda edən şəhidlərimizin ailələri ölkə başçımız Prezident Cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən daim ziyarət olunur, onlara xüsusi diqqət və qayğı göstərilir.
Həmçinin bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz heç bir zaman unudulmayacaq, onların şücaət və qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.
Tədbirdə şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova, Vaqif Rəcəbovun anası Məryəm Rəcəbova, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov çıxış edərək, övladlarının qəhrəmanlıqları ilə fəxr etdiklərini, vətənpərvər oğul böyütdükləri üçün qürur hissi keçirdiklərini bildirərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.
Sonra məktəbin şagirdləri tərəfindən şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edilib, vətənpərvərlik mahnıları səsləndirilib və kompozisiyalar göstərilib.
Tədbirin sonunda şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.