Qəhrəmanlar Unudulmur layihəsi çərçivəsində 5 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Yanvarın 22-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəhrəmanlar Unudulmur layihəsi çərçivəsində 5 nömrəli tam orta məktəbdə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirə başlamazdan əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Giriş sözü ilə tədbiri açan məktəbin direktor əvəzi Baba Əliyev şəhid ailələrinə öz hörmət və ehtiramını bildirərək tədbirin mahiyyətindən söz açıb, şəhidlərimizin vətənpərvərlik nümunəsinin bugünkü və gələcək nəsillər üçün bir örnək olduğunu vurğulayıb. 

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin 44 günlük vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsindən, 2023-cü il sentyabrın 19-da düşmənin terror əməliyyatına qarşı antiterror əməliyyatı ilə cavab verən ordumuzun qəhrəmanlığından danışıblar. Bildirilib ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuz tarixdə analoqu olmayan qələbə qazandı. 30 illik həsrətə son qoyuldu, ərazi bütövlüyümüz suverenliyimiz tam təmin edildi. Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin dediyi kimi bu qələbənin qazanılmasında biz şəhidlərimizə, müharibə əlillərinə, qəhrəman ordumuza borcluyuq. 

Şəhid ailələri çıxış edərək vurğulayıblar ki, şəhidlərimiz xalqımızın qəlbində Azərbaycan boyda bir abidə ucaldıb, bizim övladlarımızın qəhrəmanlığı heç vaxt qədirbilən xalqımız tərəfindən unudulmayacaq. Bu abidə hər zaman xalqımız tərəfindən yad edilir, ehtiramla anılır. Bundan sonra da bu abidə bugünkü və gələcək nəsillər tərəfindən anılacaqdır. Sonra şagirdlər tərəfindən vətənə, şəhidlərimizə aid şeirlər qiraət edilib, mahnılar səsləndirilib, bədii kompozisiya və videoçarx nümayiş olunub. 

Sonda şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.