Mayın 14-də “Konstitusiya və Suverenlik İli” ilə bağlı olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə “Qəhrəmanlar Unudulmur” layihəsi çərçivəsində 16 N-li tam orta məktəbdə şəhid ailələrinin, məktəbin pedaqoji kollektivinin və şagirdlərin iştirakı ilə tədbir keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Abdulla Əsgərov giriş sözü ilə çıxış edərək şəhid ailələrini salamlayıb, onlara öz minnətdarlığını bildirib və şəhidlərimizin heç bir zaman unudulmayacağını vurğulayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək şəhid ailələrinə olan hörmət və ehtiramını bildirib, Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. Qeyd edib ki, bu gün artıq şəhidlərimizin azad etdiyi torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır. Bunun nəticəsidir ki, 30 il doğma torpaqlarına həsrət qalan soydaşlarımız öz yurdlarına qayıdır.
Həmçinin vurğulandı ki, biz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək onun apardığı siyasəti dəstəkləyəcək, torpaqlarımızın yenidən işğal altına düşməsinə imkan verməyəcək, şəhidlərimizin qəhrəmanlığı heç bir zaman unudulmayacaqdır.
Daha sonra şəhid Orxan Quliyevin anası Minayə Əliyeva, şəhid Vaqif Rəcəbovun anası Məryəm Rəcəbova çıxış edərək şəhidlərimizin qəhrəmanlığından danışıb, torpaqlarımızın işğaldan azad olunmasında şəhid övladlarının da payının olması ilə fəxr etdiklərini vurğulayıblar. Həmçinin Ali Baş Komandanımıza və dövlətimiz tərəfindən şəhid ailələrinə hər zaman göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda məktəbin şagirdləri tərəfindən torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş vətənpərvərlik şeirləri qiraət edilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.