Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova və Gənclər və İdman İdarəsinin əməkdaşı Aysun Bağırova çıxış ediblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın inkişafına hər zaman böyük həssaslıqla yanaşır. “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bu qədim diyara diqqətin və qayğının nümunəsidir. Xalqımız muxtar respublikanın 100 illik yubileyini uğurla və böyük ruh yüksəkliyi ilə qeyd edir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir məktəbin şagirdlərinin ifasında şeir, mahnı və rəqs nümunələri ilə davam edib.