Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin və dövlətimizin başçısının lider mövqeyinin beynəlxalq səviyyədə təsdiqidir

“Zayed İnsan Qardaşlığı Mükafatı” müasir dünyada ən ali humanist mükafatlardan biri hesab olunur. Bu mükafat insanlar arasında sülhü, qarşılıqlı hörməti, multikultural dəyərləri və dini tolerantlığı təşviq edən liderlərə təqdim edilir. Bu gün dünyada geosiyasi qarşıdurmaların, sülhə qarşı təhdidlərin və dəyərlər böhranının geniş vüsət aldığı bir vaxtda Prezident İlham Əliyevə dünyanın ən ali humanist mükafatlarından birinin təqdim olunması əlbəttə ki, Azərbaycanın illərdir həyata keçirdiyi multikulturalizm siyasətinin, dinlərarası və sivilizasiyalararası dialoqa və Qafqazda sülhün bərqərar olmasına verdiyi mühüm töhfənin parlaq göstəricisidir.
Yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsi zamanı Prezident İlham Əliyev bu nüfuzlu mükafatı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında Azərbaycanın göstərdiyi səylərə verilən qiymət olaraq dəyərləndirib.
Dövlətimizin başçısı bildirib ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.
Xatırladaq ki, mükafat bu il fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.