Prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” ölkənin uzunmüddətli su təhlükəsizliyinin təmin olunması baxımından strateji sənəd kimi təqdim edilmişdir.
Su problemlərin kompleks təhlili, uzunmüddətli və dayanıqlı həll mexanizmlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirib ki, son 20 il ərzində Azərbaycanda həyata keçirilən ardıcıl regional inkişaf proqramları nəticəsində əsas infrastruktur problemləri böyük ölçüdə həll olunmuşdur. Elektrik enerjisi sahəsində ölkə tam təminata nail olmuş, generasiya gücü təxminən 10 min meqavata çatmış, Azərbaycan artıq elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişdir. Qazlaşma səviyyəsi 96 faizə yüksəlmiş, avtomobil yollarının, körpülərin, tunellərin, mühəndis-kommunikasiya xətlərinin inşası bütün ölkə üzrə geniş vüsət almışdır. İşğaldan azad edilmiş ərazilərdə isə bu infrastruktur sıfırdan və vahid sistem əsasında qurulur.
Su təchizatı məsələsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Son 20 ildə dörd böyük su anbarı – o cümlədən Taxtakörpü və Şəmkirçay su anbarları inşa edilmiş, onların ümumi tutumu 500 milyon kubmetrdən artıqdır. Bu layihələr Bakının və regionların su təminatında həlledici rol oynamış, Ceyranbatan su anbarı müasir təmizləyici qurğularla tam yenidən qurulmuşdur.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğulamışdır ki, Ermənistanın işğal dövründə həyata keçirdiyi “su terroru” Azərbaycan üçün ciddi humanitar və iqtisadi problemlər yaratmışdır. Sərsəng və Suqovuşan su anbarlarından sudan silah kimi istifadə edilməsi nəticəsində əkin sahələri susuz qalır, eyni zamanda süni daşqınlar törədilirdi. Bu gün isə azad edilmiş ərazilərdə həmin su anbarları əsaslı şəkildə yenidən qurulmuş, Füzuli, Ağdam, Laçın rayonlarında bir sıra yeni və bərpa edilmiş su anbarları istismara verilmişdir. Eyni zamanda Həkəriçay və Bərgüşadçay su anbarlarının tikintisi planlaşdırılır.
Qeyd edilmişdir ki, Azərbaycanın su mənbələrinin təxminən dörddə biri vaxtilə işğal altında olan ərazilərdə formalaşırdı və ərazilərin azad edilməsi ilə su təhlükəsizliyi baxımından xarici asılılıq əhəmiyyətli dərəcədə azalmışdır. Bununla yanaşı, iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının qorunması, düzgün idarə olunması və uzunmüddətli planlaşdırma zəruri hesab olunur.
Bu baxımdan qəbul edilən 2026–2035-ci illər üçün Dövlət Proqramı Bakı şəhərini, Abşeron yarımadasını, Sumqayıtı və Abşeron rayonunu əhatə etməklə, dayanıqlı içməli su təminatının yaradılmasını, yağış və tullantı sularının idarə olunmasını əsas məqsəd kimi qarşıya qoyur. Proqram dövlət büdcəsi və xarici maliyyə mənbələri hesabına icra olunacaq, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə olması bu imkanları genişləndirir.
Proqram çərçivəsində təxminən 30 yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 70 faizdən 95 faizə yüksəldilməsi, 200 kilometrdən artıq magistral və paylayıcı su şəbəkəsinin yenilənməsi, su itkilərinin hazırkı 40–45 faiz səviyyəsindən kəskin azaldılması nəzərdə tutulur.
Eyni zamanda kanalizasiya xidməti ilə əhatə dairəsi 50 faizdən 95 faizə çatdırılacaq, Bakının 30 əsas küçəsində yağış sularının idarə olunması üçün yeni kollektor sistemləri qurulacaq. Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə dənizə buraxılan suların 100 faiz təmizlənməsi təmin ediləcək, Hövsan sutəmizləyici stansiyası modernləşdiriləcək.
İlk dəfə olaraq ölkədə duzsuzlaşdırma zavodunun inşası planlaşdırılır. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə Abşeron yarımadasının su təminatını əhəmiyyətli dərəcədə artıracaq və alternativ su mənbəyi yaradacaq. Bununla yanaşı, Samur-Abşeron kanalı, Oğuz–Qəbələ–Bakı su kəməri kimi strateji layihələrin davamlı fəaliyyəti də gücləndiriləcək.
Prezident cənab İlham Əliyev proqramın icrasında dövlət və prezident nəzarəti ilə yanaşı, ictimai nəzarətin və şəffaflığın vacibliyini xüsusi vurğulamış, mətbuatda mütəmadi məlumatlandırmanın aparılmasının zəruri olduğunu bildirmişdir.
Nəticə etibarilə, bu Dövlət Proqramı Azərbaycanın su təhlükəsizliyinin möhkəmləndirilməsinə, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, ekoloji tarazlığın qorunmasına və ölkımizdə su infrastrukturunun müasir çağırışlara uyğun qurulmasına xidmət edən strateji yol xəritəsidir.