Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

Müşavirədə ölkənin rəqəmsal inkişaf strategiyası, informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud vəziyyət, qarşıda duran vəzifələr və perspektiv istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Prezident İlham Əliyev çıxışında süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsini, rəqəmsallaşma prosesinin sistemli və mərhələli şəkildə həyata keçirilməsini, eləcə də müasir data mərkəzlərinin qurulmasını ölkənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafını müəyyən edən əsas strateji amillər kimi qiymətləndirib. Qeyd olunub ki, yeni rəqəmsal arxitekturanın formalaşdırılması dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və milli iqtisadiyyatın innovativ əsaslar üzərində inkişafına mühüm töhfə verəcək.
Dövlət başçısı bildirib ki, bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.
Dövlət başçısı həmçinin blidirib ki, bu sahədə dövlət qurumları arasında sıx koordinasiya aparılmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planını hazırlayaraq təqdim etməlidir.
Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.
Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin.
Prezident İlham Əliyev vurğulayıb ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə belədir. Bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər.
Müşavirənin yekununda dövlət başçısı bildirib ki, bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. “Hesab edirəm ki, bugünkü müşavirə və bu məsələnin Prezidentin nəzarəti altında olması bizim bir çox tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizdə olan imkanlar nədən ibarətdir? Mənim sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər də çatdırılmalıdır ki, biz bu sahəyə güclü təkan verək.”