Prezident İlham Əliyevin minlərlə ailənin sevincinə səbəb olan amnistiya elan edilməsi təşəbbüsü humanist dəyərlərə əsaslanan idarəetmənin ən gözəl nümunəsidir

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırır. Bu möhkəm təməl üzərində qurulan müstəqil Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində uğurla inkişaf edir. Respublikamız sosial-iqtisadi, siyasi, ordu quruculuğu və digər sahələrdə qazandığı uğurlarla yanaşı, həm də bu gün dünyada humanitar dəyərlər üzərində inkişaf edən bir ölkə kimi tanınır.
Dövlətimizin başçısının siyasi fəaliyyətinin mərkəzində hər zaman insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri əsas yer tutur. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə 15 dekabr 2025-ci ildə irəli sürdüyü amnistiya təşəbbüsü də məhz xalqımızın ən böyük tarixi qələbəsini nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək cəza müddətlərinin azaldılmasını nəzərdə tutur. Əlbəttə ki, bu təşəbbüs həm dövlətin suverenliyinə verdiyi dəyəri vurğulayır, həm də cəmiyyətin sosial inteqrasiyasına töhfə verməyi hədəfləyir.
20 mindən çox şəxsə şamil ediləcək amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Qeyd edək ki, ölkəmizdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq insana şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq insanı əhatə edib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb və həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub.
Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktları qəbul edilib ki, bu da minlərlə ailənin, bütövlükdə cəmiyyətimizin sevincinə səbəb olmuşdur.