19–23 yanvar 2026-cı il tarixlərində İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edərək dünyanın bir sıra dövlət və hökumət başçıları, həmçinin nüfuzlu beynəlxalq şirkət rəhbərləri ilə çoxşaxəli görüşlər keçirib.
Dövlət başçısı “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” panelində çıxış edərək Azərbaycanın Avropa ilə Asiya arasında strateji mövqeyi, nəqliyyat dəhlizləri, enerji layihələri və regionun iqtisadi gələcəyinə dair əhatəli baxışını təqdim edib.
Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.
Dövlət başçısı müsahibəsində müasir dünya nizamının əsas problemini olduqca açıq, prinsipial şəkildə ifadə edərək beynəlxalq hüquq normalarının artıq bütün ölkələr üçün mütləq xarakter daşımadığını bildirib.
Prezident qeyd edib ki, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır.
Müsahibə zamanı həmçinin Cənubi Qafqazda yaranmış yeni sülh mühitinin əhəmiyyəti vurğulanıb. Dövlət başçısı bildirib ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir.
Həmçinin müsahibədə Azərbaycanın enerji sahəsindəki xüsusi mövqeyinə diqqət çəkilib. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkəsidir. Respublikamız 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Müsahibənin ən diqqətçəkən məqamlarından biri Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə verilən cavab təşkil edib.
Dövlət başçısı açıq şəkildə bildirib ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı kifayət hesab edir və ikili standartlara əsaslanan qurumlarla münasibətləri dayandırıb. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.
Qeyd edək ki, bu il “Dialoq ruhu” devizi ilə keçirilən Dünya İqtisadi Forumunda 130-dan çox ölkədən təxminən 3000 nümayəndə, o cümlədən 65 dövlət və hökumət başçısı, 400-dən çox siyasi lider və 850-dən artıq iri şirkət rəhbəri iştirak edir.