2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olan təqdimolunma mərasimində çıxışı qlobal həmrəylik ideyalarının təbliği baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Prezident İlham Əliyev çıxışında mükafatın adını daşıdığı mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın bəşəri dəyərlərə söykənən siyasi irsini yüksək qiymətləndirərək vurğulamışdır ki, xalqlar və dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi müasir dünyanın əsas çağırışlarından biridir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan və Ermənistan arasındakı sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir.
Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha sülhün əhəmiyyətini vurğulayan dövlət başçılarına minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.
“Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.”
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığımı bildirən Prezident İlham Əliyev qeyd edib ki, O, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır.
Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur.
Bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik.
Qeyd edək ki, bu nüfuzlu beynəlxalq mükafat həm də Azərbaycanın multikulturalizm modelinin uğurunu təsdiqləyir. Tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin birgə yaşadığı Azərbaycan bu gün də tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan cəmiyyət modeli ilə beynəlxalq aləmdə nümunə kimi qəbul olunur. Dövlət başçısının rəhbərliyi ilə bu dəyərlər yalnız daxili siyasətdə deyil, həm də beynəlxalq platformalarda ardıcıl şəkildə təşviq edilir.