Prezident İlham Əliyevin aprelin 25-də Çinin CGTN televiziyasına müsahibəsindən

“Biz artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus almışıq. Bu, hamını sevindirir. Əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Ən vacibi isə odur ki, ümidvaram, biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq. Odur ki, bizim planımız Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir.”
Bu barədə Prezident İlham Əliyev aprelin 25-də Çinin CGTN televiziyasına müsahibəsi zamanı bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki; “Azərbaycan və Çin milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Bu gün Çin rəhbərliyi ilə görüşlərim zamanı qeyd etdim ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm. Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Burada dəfələrlə olmuşam. Çinə ilk səfərim hələ 2005-ci ildə olub. Bir sözlə, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam. Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır.”
İki ölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü, Azərbaycanın “Vahid Çin” siyasətini qətiyyətlə dəstəklədiyini söyləyən dövlətimizin başçısı vurğulayıb ki; “Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq.”
Prezident bildirib ki, Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.
Çin sədri Si ilə çox mehriban münasibətlərə malik olduğunu söyləyən dövlətimizin başçısı; “Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır” deyə bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci ilin 22-24 aprel tarixlərində Çin Xalq Respublikasına dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”, “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu” və digər sənədlər imzalanmışdır.