2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmış, bütün sahələrdə uğurlu nəticələr əldə olunmuşdur.
Ötən dövrdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafı, güclü iqtisadi potensialın formalaşması, müasir cəmiyyət quruculuğu, vətəndaşların rifahı, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu, dünyada strateji əhəmiyyəti artmışdır.
Görülən işlər çərçivəsində regionların sosial-iqtisadi inkişafı da xüsusilə diqqətdə saxlanılan sahələrdəndir. Bu mühüm sahə ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir.
Ötən dövrdə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində bölgələrimizin hərtərəfli inkişafı sürətlənmiş, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunmuşdur. Nəticədə işsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşmüş, qeyri-neft sektoru inkişaf etmişdir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 1,7 dəfə artmışdır.
Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Ölkə iqtisadiyyatı 4 dəfə, qeyri-neft ixracı son 6 ildə 11 dəfə artmışdır. Cari ilin ötən dövründə Azərbaycanın strateji valyuta ehtiyatları 12,5 milyard ABŞ dolları və yaxud 17,6 % artaraq 83,5 milyard ABŞ dollarına çatmışdır.
Həmçinin dövlətimizin başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmiş və uğurla icra olunmaqdadır.
Bir sözlə Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir sahənin inkişafı ilə bağlı həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.