
30 aprel 2026-cı il Azərbaycan idman tarixində növbəti əlamətdar hadisə ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etdi.Görüş zamanı dövlət başçısı idmançıları təbrik edərək onların əldə etdiyi uğurun ölkəmizin idman salnaməsində xüsusi yer tutduğunu vurğuladı. Prezident qeyd etdi ki, bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.Prezident İlham Əliyev bildirdi ki, idmançılarımızın yüksək peşəkarlığı, vətənpərvərliyi və əzmkarlığı sayəsində üçrəngli bayrağımız Avropa arenalarında bir daha zirvəyə ucaldılıb. Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.
Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.Qəbul zamanı çıxış edən güləşçilər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Onlar əldə olunan uğurların arxasında dövlət tərəfindən idmana göstərilən davamlı dəstəyin dayandığını xüsusi qeyd etdilər. Bildirildi ki, yaradılan müasir idman infrastrukturu, peşəkar məşq sistemi və sosial təminat idmançıları daha böyük qələbələrə ruhlandırır.
Görüşdə həmçinin vurğulandı ki, Azərbaycan idmançıları yalnız yarış meydanlarında deyil, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynayırlar. Bu qələbə gənc nəslə örnək olmaqla yanaşı, ölkədə sağlam həyat tərzinin təşviqinə də töhfə verir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.Sonda Prezident İlham Əliyev güləşçilərə gələcək yarışlarda yeni uğurlar arzuladı, onların hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bir daha diqqətə çatdırdı. Qəbul böyük ruh yüksəkliyi və qürur hissi ilə başa çatdı.