Prezident cənab İlham Əliyev 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanatda Azərbaycan və Slovakiyanı sözün əsl mənasında dost və strateji tərəfdaş ölkələr adlandırıb. O xatırladıb ki, ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə yüksəldib və bu gündən bütün sahələr üzrə fəal əməkdaşlıq həyata keçirilir. Birgə iqtisadi işçi qrupun genişləndiyi, enerji sahəsində konkret layihələrin icra olunduğu qeyd edilib. İlk dəfə olaraq Azərbaycan qazının Slovakiyaya nəqli həyata keçirilib və ölkəmiz bu ehtiyacları lazım olan həcmdə təmin etməyə qadirdir.
Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycanın zəngin qaz yataqları bu gün 14 ölkəyə təbii qaz ixrac etməyə imkan verir. Ümumi qaz ixracı 25 milyard kubmetrdir və bunun yarısı Avropaya göndərilir. Avropa İttifaqının 8 üzvü Azərbaycan qazı ilə enerji təhlükəsizliyini təmin edir. Yeni yataqların işlənməsi sayəsində gələcəkdə Slovakiya və region ölkələri üçün təchizatın daha da artırılması mümkündür.
Dövlət başçısı müdafiə sənayesi sahəsində əməkdaşlığın geniş potensialını vurğulayaraq bildirib ki, məqsəd müharibə yox, sənayenin inkişafı istiqamətində sinergiya yaratmaqdır. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşməsi dünya bazarı üçün rəqabətli məhsulların istehsalına şərait yarada bilər. Prezident, həmçinin, Slovakiyanın Qələbənin beşinci ildönümündə yüksək səviyyəli nümayəndə heyəti ilə Azərbaycanda təmsil olunmasını dostluğun bariz nümunəsi kimi dəyərləndirib.
Prezident cənab İlham Əliyev Slovakiyanın sabit inkişafını, güclü sənaye potensialını və müstəqil xarici siyasət yürütməsini yüksək qiymətləndirib. O, Azərbaycanın xarici siyasət prioritetlərinin çoxdan müəyyən edildiyini və ölkəmizin Şərqlə Qərb arasında mühüm körpü rolunu oynadığını diqqətə çatdırıb.
İnfrastruktur və nəqliyyat sahələrinə yatırılan sərmayələrin Azərbaycanı Orta Dəhlizin ən etibarlı hissəsinə çevirdiyi, gələcək illərdə bu sahəyə əlavə vəsait qoyularaq Slovakiya ilə əməkdaşlığın da gücləndirilə biləcəyi bildirilib.
Prezident cənab İlham Əliyev həmçinin enerji və yüksək texnologiyalar sahələrində perspektivləri diqqətə çatdıraraq deyib ki, Azərbaycan bu gün istifadə olunmayan təxminən 2 giqavat enerji potensialına malikdir və bu rəqəm beş il ərzində 8 giqavata çatacaq. Bu amil süni intellekt və datamərkəzləri üçün əsas şərtlərdən biridir. Ölkədə soyuq iqlimli bölgələrin mövcudluğu datamərkəzlərin yerləşdirilməsi baxımından əlavə üstünlük yaradır. Azərbaycan beynəlxalq data mərkəzləri habı kimi böyük potensiala malikdir və Slovakiya şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq planlaşdırılır.