Naxçıvan şəhərində 2024-2025-ci illərin payız-qış mövsümündə əhalini dayanıqlı istiliklə təmin etmək məqsədilə qazanxanalarda təmir bərpa işləri həyata keçirilir. Bu məqsədlə Mircəfər Mirişli küçəsi 1 ünvanında yerləşən fərdi və 57 nömrəli mərkəzi qazanxanalarda istilik qazanları ərp və küldən təmizlənmiş, siyirtmə və dövriyyə nasosları təmir edilərək hazır vəziyyətə gətirilmişdir. İstismara yararsız qurğular yeniləri ilə əvəz edilmişdir.
Qeyd edək ki, hazırda Naxçıvan şəhəri üzrə mövsüm ərzində fəaliyyət göstərəcək 44 istilik qazanxanasının 17-də elektrik, qaz, su və istilik xətlərinə, eləcə də avadanlıq və qurğulara texniki xidmət göstərilərək qazanxanalar mövsümə hazır vəziyyətə gətirilmişdir.