Payız-qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və hadisələrin qarşısının alınması məqsədilə seminar-müşavirə keçirilib.

Yaşayış sahələrində payız-qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və hadisələrin qarşısının alınması məqsədilə görüləcək tədbirlərlə bağlı seminar-müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iclas zalında keçirilən tədbirdə şəhərin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, icra qurumlarının rəhbər şəxsləri və kənd sakinləri iştirak ediblər.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Nail Əliyev tədbiri giriş sözü ilə açaraq mövzunun əhəmiyyətini qeyd edib, seminar-müşavirənin məqsədi barədə ətraflı məlumat verib.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov, şöbənin baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynov və Nazirliyin Dövlət Yanğın Nəzarəti İşinin Təşkili Şöbəsinin inspektoru, daxili xidmət kapitanı Toğrul Hacıyev payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri və dəm qazından zəhərlənən insanlara ilkin tibbi yardımın göstərilməsi üsulları barədə slayd və videoçarxlar vasitəsilə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.