Pakistan Azərbaycanın dövlət müstəqilliyini rəsmi olaraq tanıyan, diplomatik əlaqələr quran və ölkəmizdə səfirliyini açan ilk ölkələrdən biridir. Əhalisinin sayına görə dünyanın 5-ci ölkəsi ilə Azərbaycanı bir-birinə bağlayan bir sıra dini, mədəni və mənəvi amillər mövcuddur. 1993-cü ilin aprelində Kəlbəcərin Ermənistan tərəfindən işğalı zamanı BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik etmişdi. Bu məsələdə qardaş Pakistan prinsipial mövqe nümayiş etdirərək o vaxtdan bu günə kimi Ermənistan ilə heç bir səviyyədə diplomatik əlaqələr qurmamış, onu dövlət kimi tanımamışdır.
Nüvə gücünə malik yeganə müsəlman ölkəsi olan Pakistanla Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Fevralın 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına dövlət səfəri də iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Ali qonağın ölkəmizə səfəri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrin sürətli inkişafına diqqəti çəkərək bildirib ki, cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib. Bu dinamika, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. İki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Dövlətimizin başçısı bildirib ki, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı Azərbaycanın və Pakistanın mövqeyi və baxışları tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir.
Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir.
Prezident qeyd edib ki, bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif öz bəyanatında səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edərək bildirib ki; “Siz hər zaman heç bir siyasi şərt və ya tərəddüd olmadan Kəşmir məsələsində bizim haqq işimizi dəstəkləmisiniz və bu, Sizi fərqləndirən xüsusiyyətinizdir, sarsılmaz mövqeyinizdir. Biz Pakistan xalqı bunu yüksək qiymətləndiririk.”