15 oktyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhər Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren Dövlət, Güclü Vətəndaş” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova bildirib ki, bu gün biz burada tarixi bir gündə toplaşmışıq. Məhz bu gün, 22 il öncə — 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı böyük inam və etimad göstərərək Cənab İlham Əliyevi ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçdi.
Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib, dövlətimizin suverenliyi, müstəqilliyi və beynəlxalq nüfuzu daha da möhkəmlənib. Bu illər həm də Ümummilli Lider Heydər Əliyev siyasətinin davamı, Azərbaycanın qüdrətinin, xalqın birliyinin və dövlət-vətəndaş münasibətlərinin yeni mərhələyə yüksəlməsi dövrü olmuşdur.
Gülxanım Orucova qeyd edib ki, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu mühüm qərar həm Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə, həm də Şanlı Zəfərimizin 5 illiyinə təsadüf edir.
Bu iki tarixi hadisə bir-birini tamamlayır: biri hüquqi suverenliyimizin, digəri isə ərazi bütövlüyümüzün təmin olunduğunu göstərir. Biz bu gün azad, müstəqil və güclü dövlət kimi yaşayırıqsa, bunu ilk növbədə Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinə, Ordumuzun rəşadətinə, qəhrəman şəhidlərimizin və qazilərimizin misilsiz fədakarlığına borcluyuq. Onların göstərdiyi igidlik sayəsində Azərbaycan suverenliyini tam bərpa edib, ədaləti və tarixi haqqını təmin edib.
Bu gün keçirilən tədbir həm də dövlətçiliyimizə sədaqətin, milli birliyimizin və vətəndaş məsuliyyətimizin təzahürüdür. Hər bir azərbaycanlı öz dövlətinin dayağı, suverenliyinin qoruyucusudur.
Gəlin, bu dəyərləri daim uca tutaq, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” sözlərini həyatımızın əsas prinsipi kimi yaşadaq.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sosial siyasət komitəsinin sədri Nuray Əliyeva çıxış edərək qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər xalqın dövlətə olan etimadının, həmrəyliyin və milli birliyin bariz təzahürüdür.
O bildirib ki, ölkəmizdə həyata keçirilən sosial siyasət vətəndaş rifahının yüksəldilməsinə, sosial ədalətin bərqərar olmasına yönəlib. “Dövlətin gücü məhz güclü vətəndaşdan, vətəndaşın inamı isə ədalətli və dayanıqlı dövlətdən qaynaqlanır,” – deyə Nuray Əliyeva vurğulayıb.
Deputat əlavə edib ki, bu gün Azərbaycan dövləti hər bir vətəndaşın sosial müdafiəsini, hüquqlarının qorunmasını və layiqli həyat şəraitinin təmin olunmasını prioritet istiqamət kimi müəyyən edib. O, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərin cəmiyyətin maariflənməsi, gənclərin dövlətçilik ruhunda tərbiyəsi və milli həmrəyliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə həmçinin Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Azad Şirzadov çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinin, milli dəyərlərə sədaqətin və dövlətə sədaqətin gələcəyin möhkəm təməli olduğunu diqqətə çatdırıb.